Meta Ads

Meta Ads — Facebook və Instagram reklamları

Meta Ads düzgün qurulduqda tələb yaradan, səhv qurulduqda isə büdcəni sürətlə əridən kanaldır. Fərq kampaniya məqsədinin seçimində, auditoriya quruluşunda, kreativ testlərində və ölçmənin doğru qurulmasındadır.

Xidmətə daxil olan işlər

  • Reklam hesabı və Business Manager quraşdırılması
  • Meta Pixel və konversiya hadisələrinin qurulması
  • Kampaniya strukturunun planlanması
  • Auditoriya seqmentləri və remarketing siyahıları
  • Reklam kreativlərinin hazırlanması və testi
  • Gündəlik izləmə və optimizasiya
  • Aylıq hesabat və növbəti dövrün planı
Qiymətləndirmə üçün müraciət edin

Qısaca

Meta Ads-də nəticəni büdcə deyil, struktur və kreativ müəyyən edir

Facebook və Instagram reklamı texniki cəhətdən sadədir: hesab açmaq və büdcə vermək bir neçə dəqiqəlik işdir. Buna görə də bu kanalda uğursuzluq adətən “reklam vermədik” deyil, “səhv qurduq” səbəbindən olur.

Ən çox rastlanan səhv kampaniya məqsədinin düzgün seçilməməsidir. Platforma seçdiyiniz məqsədə uyğun auditoriya axtarır: “qarşılıqlı əlaqə” seçsəniz, sizə komment yazan adamları tapır; “konversiya” seçsəniz, hərəkət edən adamları. Nəticədə komment çox, müraciət az olur — və bu, reklamın deyil, seçimin nəticəsidir.

İkinci həlledici amil kreativdir. Meta-da auditoriya hədəflənməsi zamanla sadələşib, alqoritm daha çox işi öz üzərinə alır. Buna görə də bu gün nəticəni ən çox dəyişdirən dəyişən reklamın özü — vizual, ilk üç saniyə və mesajdır. Bizdə kreativ istehsalı reklam idarəetməsindən ayrı deyil, ona görə test dövrü qısadır.

Bu xidmət nə vaxt uyğundur

  • Məhsulunuzu hələ axtarmırlar

    Yeni məhsul və ya xidmətdə tələb hələ formalaşmayıb. Meta Ads tələb yaratmaq üçün ən uyğun kanaldır.

  • Qərar vizual olaraq verilir

    Restoran, gözəllik, geyim, ev əşyaları, turizm — məhsulu görmək qərarın əsas hissəsidir.

  • Müraciət toplamaq lazımdır

    Xidmət bizneslərində lead generasiyası kampaniyaları qısa müddətdə ölçülə bilən nəticə verir.

  • Sayta trafik var, konversiya az

    Remarketing qurulmayıbsa, qərar verməmiş auditoriya itir. Bu, ən ucuz konversiya mənbəyidir.

Həll etdiyimiz problemlər

Meta Ads hesablarında ən çox tapdığımız problemlər

Audit zamanı bu problemlərin biri və ya bir neçəsi kampaniyaların əksəriyyətində olur.

Pixel yoxdur və ya səhv qurulub

Konversiya hadisələri təyin edilmədikdə platforma kimin müştəriyə çevrildiyini bilmir. Optimizasiya işləmir, remarketing auditoriyası formalaşmır.

Kampaniya məqsədi səhv seçilib

Satış hədəfi olan kampaniya “çatım” və ya “qarşılıqlı əlaqə” məqsədi ilə işlədilir. Göstəricilər yaxşı görünür, müraciət gəlmir.

Auditoriya həddindən artıq daraldılıb

Çoxlu maraq və davranış filtri əlavə edildikdə auditoriya kiçilir, xərc artır və alqoritmin öyrənməsi üçün məlumat çatmır.

Bir kreativ ilə uzun müddət işlənir

Auditoriya eyni reklamı təkrar gördükdə nəticə düşür (kreativ yorğunluğu). Yeni variant hazırlanmadıqda xərc getdikcə artır.

Remarketing qurulmayıb

Bütün büdcə yeni auditoriyaya xərclənir. Halbuki saytı ziyarət etmiş auditoriya daha ucuz konversiya verir.

Reklam və çatdığı səhifə uyğun deyil

Reklamda bir təklif göstərilir, açılan səhifədə başqa məzmun olur. Ziyarətçi geri qayıdır, büdcə itir.

Yanaşma və proses

Kampaniyanın qurulma ardıcıllığı

Reklam büdcəsi ölçmə qurulmadan sərf olunmur. Aşağıdaki ardıcıllıq ilk həftələrdə itkini minimuma endirir.

Quraşdırma adətən 3–7 iş günü çəkir; ilk optimizasiya dövrü 2–4 həftədir.

  1. Hesab auditi və texniki quraşdırma

    Business Manager, reklam hesabı, ödəniş üsulu və səlahiyyətlər yoxlanılır. Meta Pixel quraşdırılır, konversiya hadisələri (müraciət, zəng, sifariş) təyin edilir.

  2. Təklifin və mesajın müəyyən edilməsi

    Reklamda hansı təklifin göstəriləcəyi və hansı etiraza cavab verəcəyi razılaşdırılır. Zəif təklif ilə güclü kampaniya qurmaq mümkün deyil.

  3. Auditoriya strukturunun qurulması

    Soyuq auditoriya (yeni), bənzər auditoriya (lookalike) və remarketing siyahıları ayrı-ayrı qurulur. Hər mərhələ üçün büdcə ayrılır.

  4. Kreativ istehsalı və test planı

    Hər auditoriya üçün bir neçə kreativ variant hazırlanır: fərqli vizual, fərqli ilk kadr, fərqli mesaj. Testin nəyi yoxladığı əvvəlcədən yazılır.

  5. İşə salma və öyrənmə dövrü

    Kampaniyalar işə düşür. Bu mərhələdə tez-tez dəyişiklik edilmir — alqoritmin öyrənməsi üçün sabit dövr lazımdır.

  6. Optimizasiya və genişləndirmə

    Zəif kreativ və auditoriyalar dayandırılır, yaxşı işləyənlərin büdcəsi artırılır. Yeni kreativ variantları mütəmadi əlavə olunur.

Təslim edilənlər

Nə təslim edilir

Həm qurulmuş sistem, həm də davamlı idarəetmə.

Düzgün qurulmuş hesab strukturu

Business Manager, reklam hesabı, Pixel və konversiya hadisələri — hamısı sizin adınıza və sizin mülkiyyətinizdə.

Kampaniya strukturu və auditoriyalar

Soyuq auditoriya, lookalike və remarketing siyahıları; hər mərhələ üçün ayrı büdcə və mesaj.

Reklam kreativləri

Statik və video formatlarda kreativlər; şaquli, kvadrat və feed ölçüləri. Testlərin nəticəsinə görə yenilənir.

Kreativ test jurnalı

Hansı variantın test edildiyi, nə nəticə verdiyi və hansı qərarın alındığı yazılı şəkildə saxlanılır.

Konversiya izləmə hesabatı

Hansı kampaniyanın hansı konversiyanı gətirdiyi və konversiya dəyəri (CPA / ROAS) üzrə aylıq göstəricilər.

Aylıq hesabat və plan

Nəticələrin izahı, dayandırılan və genişləndirilən istiqamətlər, növbəti dövrün test fərziyyələri.

Ətraflı

Meta Ads necə işləyir — praktik izah

Bu bölmə reklam hesabında hansı qərarların nəyə təsir etdiyini izah edir.

Meta Ads nədir?

Meta Ads — Facebook, Instagram, Messenger və Audience Network platformalarında reklam yerləşdirmək üçün istifadə olunan vahid reklam sistemidir. Əvvəllər “Facebook Ads” adlanan bu sistem indi Meta-nın bütün platformalarını bir hesabdan idarə etməyə imkan verir.

Sistemin əsas məntiqi auksiondur: eyni auditoriyaya çatmaq istəyən reklamverənlər arasında rəqabət var. Lakin qazanan sadəcə çox pul verən deyil. Meta reklamın gözlənilən nəticəsini və auditoriyanın ona necə reaksiya verəcəyini də qiymətləndirir. Praktik nəticə: keyfiyyətli və auditoriyaya uyğun reklam daha aşağı xərclə daha çox insana çatır.

Nə deməkdir

Yaxşı kreativ birbaşa büdcə qənaətidir. Zəif reklamı büdcə ilə kompensasiya etmək mümkündür, lakin bu, hər konversiyanı bahalaşdırır.

Kampaniya məqsədləri və hansını seçmək lazımdır

Kampaniya məqsədi platformaya nə istədiyinizi bildirir. Bu, ən vacib seçimdir, çünki alqoritm məhz o məqsədə uyğun insanları axtarır.

MəqsədNə üçündürNə vaxt seçilir
Tanınma (Awareness)Mümkün qədər çox insana çatmaqBrend tanıtımı, yeni məkanın açılışı, geniş kampaniya
Trafik (Traffic)Sayta və ya profilə keçid yaratmaqKontent tanıtımı, blog trafiki, yeni səhifənin təqdimatı
Qarşılıqlı əlaqə (Engagement)Komment, bəyənmə, mesaj, video izləməHesabın canlandırılması, video kontentin yayılması
Potensial müştəri (Leads)Forma və ya mesaj vasitəsilə müraciət toplamaqXidmət bizneslərində — konsultasiya, qeydiyyat, qiymət sorğusu
Satış (Sales)Sayt və ya kataloq üzərindən satışE-ticarət və onlayn ödənişli məhsullar
Tətbiq tanıtımı (App promotion)Mobil tətbiqin yüklənməsiTətbiq sahibi bizneslərdə

Tipik səhv: satış istəyi ilə “qarşılıqlı əlaqə” məqsədini seçmək. Belə kampaniya çoxlu komment gətirir, çünki platforma komment yazmağa meylli insanları tapır — lakin onlar alıcı olmaya bilər. Satış və müraciət hədəfi üçün “Leads” və ya “Sales” məqsədi seçilməlidir və bunun işləməsi üçün konversiya izləməsi qurulmalıdır.

Auditoriya hədəflənməsi

Auditoriyaları üç mərhələyə bölürük, çünki hər mərhələdə auditoriyanın sizə münasibəti fərqlidir və mesaj da fərqli olmalıdır.

  1. Soyuq auditoriya. Sizi tanımayan insanlar. Coğrafiya, yaş, maraq və davranış üzrə hədəflənir. Mesaj tanıtım və problem-həll yönümlü olur.
  2. Bənzər auditoriya (Lookalike). Mövcud müştərilərinizə və ya sayt ziyarətçilərinizə davranış baxımından bənzəyən insanlar. Bunun üçün mənbə siyahı lazımdır — Pixel məlumatı və ya müştəri bazası.
  3. İsti auditoriya (Remarketing). Sizinlə əlaqədə olmuş insanlar: saytı ziyarət edənlər, videonu izləyənlər, profilə reaksiya verənlər, səbətə əlavə edənlər. Mesaj birbaşa qərara yönəlir.

Praktikada büdcənin əsas hissəsi soyuq auditoriyaya, müəyyən hissəsi isə remarketingə ayrılır. Remarketing büdcəsi kiçik olur, lakin konversiya dəyəri baxımından adətən ən yaxşı nəticəni verir.

Vacib qeyd: auditoriyanı həddindən artıq daraltmaq zərərlidir. Çoxlu filtr əlavə etdikdə auditoriya kiçilir, alqoritm öyrənmək üçün kifayət qədər məlumat almır və xərc artır. Bu gün daha geniş auditoriya vermək və seçimi alqoritmə buraxmaq — kreativi güclü saxlamaq şərti ilə — daha yaxşı işləyir.

Meta Pixel və konversiya izləmə

Meta Pixel saytınıza yerləşdirilən izləmə kodudur. Onun iki funksiyası var: hansı reklamın nəticə gətirdiyini göstərmək və remarketing auditoriyalarını formalaşdırmaq.

Pixel quraşdırıldıqdan sonra konversiya hadisələri təyin edilir. Tipik hadisələr:

  • Səhifə baxışı — əsas izləmə hadisəsi.
  • Kontent baxışı — konkret məhsul və ya xidmət səhifəsinə giriş.
  • Lead — əlaqə formasının göndərilməsi və ya zəng düyməsinə toxunma.
  • Səbətə əlavəalışın başlanması — e-ticarətdə.
  • Alış — tamamlanmış sifariş; satış dəyəri ilə birlikdə ötürülür.

Bu hadisələr qurulmadan “konversiya” məqsədli kampaniya effektiv işləyə bilməz, çünki platforma nəyi optimallaşdıracağını bilmir. Ölçmə quraşdırılması bizdə reklam başlamazdan əvvəlki addımdır və vebsayt işi ilə birlikdə aparılır.

Kreativ testləri: nəticəni ən çox dəyişdirən iş

Reklam kreativi — vizual, mətn və ilk saniyələr — bu gün Meta Ads-də nəticəni müəyyən edən əsas amildir. Test edərkən hər dəfə yalnız bir dəyişəni yoxlamaq lazımdır ki, nəticənin səbəbi bəlli olsun.

Adətən test etdiyimiz dəyişənlər:

  • Format: statik şəkil, karusel, qısa video, reels.
  • İlk kadr / ilk sətir: diqqəti tutan hissə. Videoda ilk 3 saniyə həlledicidir.
  • Mesaj çərçivəsi: problem-həll, təklif-fayda, sosial sübut, müqayisə.
  • Vizual üslub: studiya kadrı, real şərait, mətn üzərində vurğu.
  • Hərəkətə çağırış: “Ətraflı”, “Mesaj göndər”, “Qiymət al”, “Qeydiyyat”.

Reklamda ən bahalı səhv auditoriya seçimi deyil — diqqət tutmayan ilk kadrdır. Görülməyən reklam heç bir hədəflənmə ilə xilas olunmur.

Kreativlərin istehsalı qrafik dizayn istiqamətimizlə birlikdə aparılır, ona görə yeni variantın hazırlanması ilə testə çıxarılması arasındaki müddət qısadır.

Remarketing strategiyası

Remarketing qərar verməmiş auditoriyaya təkrar müraciətdir. Onu mərhələyə görə qurmaq lazımdır — çünki saytı bir dəfə açan adamla səbətə məhsul əlavə edən adamın hazırlıq səviyyəsi fərqlidir.

AuditoriyaMesajın istiqaməti
Saytı ziyarət edib, konkret səhifəyə baxmayanlarÜmumi fayda və etibar siqnalları — brendi xatırlatmaq
Məhsul və ya xidmət səhifəsinə baxanlarHəmin məhsulla bağlı konkret təklif və detal
Səbətə əlavə edib tamamlamayanlarEtirazın aradan qaldırılması: çatdırılma, zəmanət, ödəniş şərtləri
Video izləyənlər və profillə əlaqədə olanlarNövbəti addıma dəvət — sayta keçid və ya mesaj
Mövcud müştərilərTəkrar satış, əlavə məhsul, yeni çeşid

Remarketing kampaniyalarında tezlik (frequency) göstəricisinə diqqət yetirmək lazımdır. Eyni adama həddindən artıq təkrar göstərmək müsbət təsiri mənfiyə çevirir.

Büdcə və nəticənin oxunması

Büdcə planlanarkən əsas prinsip budur: büdcə bir ay ərzində statistik olaraq mənalı sayda konversiya toplamağa imkan verməlidir. Ayda iki-üç müraciət gətirən büdcə ilə optimizasiya etmək mümkün deyil, çünki hansı dəyişikliyin işlədiyini müəyyən etmək üçün məlumat çatmır.

Hesabatda əsas götürdüyümüz göstəricilər:

  • Konversiya sayı — nə qədər müraciət, sifariş və ya zəng gəldi.
  • Konversiya dəyəri (CPA) — bir nəticənin qiyməti. Əsas müqayisə göstəricisidir.
  • ROAS — satış izlənə bilən layihələrdə reklam xərcinin gəlirə nisbəti.
  • CTR və CPM — kreativin diqqət tutub-tutmadığını və çatım qiymətini göstərir.
  • Tezlik (frequency) — auditoriyanın reklamı orta hesabla nə qədər gördüyü.

Bununla yanaşı, müraciətlərin keyfiyyətini yalnız platforma göstəriciləri ilə qiymətləndirmək mümkün deyil. Buna görə satış komandanızdan geri əlaqə alırıq: hansı müraciətlər satışa çevrildi? Bu məlumat kampaniyanın istiqamətini dəyişdirən ən dəyərli girişdir.

Meta Ads və Google Ads birlikdə

İki kanal bir-birini əvəz etmir. Meta Ads tələb yaradır — insanlar sizi axtarmasa da, onlara çatırsınız. Google Ads isə mövcud tələbi tutur — insan artıq axtarış edir və siz nəticələrdə görünürsünüz.

Praktikada birləşdirilmiş model belə işləyir: Meta Ads ilə brend və məhsul tanıdılır, maraq yaranır; insanlar sonra brendi axtarmağa başlayır və Google-da onları qarşılayan reklam və ya səhifə olur. Bu səbəbdən iki kanalın nəticəsini tam ayrı qiymətləndirmək düzgün olmur.

FAQ

Meta Ads — tez-tez verilən suallar

Meta Ads necə işləyir?

Reklam auksion sistemi ilə göstərilir: siz büdcə və hədəf auditoriya təyin edirsiniz, platforma isə seçdiyiniz kampaniya məqsədinə uyğun insanları axtarır. Qazanan sadəcə daha çox pul verən reklam deyil — Meta reklamın auditoriyaya uyğunluğunu və gözlənilən nəticəsini də qiymətləndirir. Buna görə keyfiyyətli kreativ daha aşağı xərclə daha çox insana çatır.

Facebook Ads və Meta Ads arasında fərq var?

Fərq yalnız addadır. Şirkət adını Meta-ya dəyişdikdən sonra reklam sistemi də Meta Ads adlandırılıb. Eyni hesabdan Facebook, Instagram, Messenger və Audience Network üzərində reklam idarə olunur. “Facebook reklamı” və “Instagram reklamı” ifadələri praktikada həmin sistem daxilində yerləşdirmə seçimlərini bildirir.

Minimum reklam büdcəsi nə qədər olmalıdır?

Sabit minimum vermirik, çünki bu, sahədən və hədəf auditoriyanın ölçüsündən asılıdır. İşlək qayda budur: büdcə bir ay ərzində optimizasiya üçün kifayət edəcək sayda konversiya toplamağa imkan verməlidir. Brifdən sonra sizin sahəniz üçün real aralığı deyirik. Reklam büdcəsi xidmət haqqından ayrıdır və birbaşa Meta-ya ödənilir.

Pixel olmadan reklam vermək mümkündür?

Texniki olaraq mümkündür, lakin tövsiyə etmirik. Pixel olmadan hansı reklamın nəticə gətirdiyini dəqiq bilmək mümkün olmur və remarketing auditoriyaları formalaşmır. Bu, həm optimizasiyanı zəiflədir, həm də ən səmərəli auditoriya seqmentini əlçatmaz edir. Buna görə Pixel quraşdırılması işin ilk addımıdır.

Nəticə nə vaxt görünür?

İlk göstəricilər bir neçə gün ərzində görünür, lakin qərar vermək üçün tələsmək olmaz. Kampaniyanın öyrənmə dövrü var; ilk mənalı qiymətləndirmə adətən 2 həftədən sonra, sabit nəticə isə 4–8 həftəlik məlumatdan sonra mümkün olur. Bu müddətdə kreativ və auditoriya testləri aparılır.

Reklam hesabı kimin adına açılır?

Business Manager və reklam hesabının sizin adınıza qurulmasını tövsiyə edirik və belə işləyirik. Bu, Pixel məlumatlarının, remarketing auditoriyalarının və kampaniya tarixçəsinin sizdə qalmasını təmin edir. Əməkdaşlıq bitdikdə səlahiyyətlərimiz geri alınır, hesab və məlumat sizdə qalır.

Növbəti addım

Reklam hesabınızı auditdən keçirək

Mövcud kampaniyalarınıza, Pixel quraşdırılmasına və auditoriya strukturunuza baxıb konkret tapıntıları sizinlə bölüşək.